Keçid linkləri

2025, 21 Dekabr, bazar, Bakı vaxtı 12:37

Goranboyda kanal çəkilişinə görə qalmaqal: 'Bu ağır şəraitdə ora 30-dan çox ailənin yeganə qazanc yeridir'


Şaftalı bağı [Foto arxiv]
Şaftalı bağı [Foto arxiv]

Goranboy rayonunda fəaliyyət göstərən sahibkarla Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) arasında torpaq qalmaqalı yaşanır. Hər iki tərəf bir-birini məhkəməyə verib.

Sahibkar Zaur Musayev dövlət qurumunu ona məxsus torpaq sahəsini zəbt etməkdə, oradakı meyvə ağaclarını sıradan çıxarıb külli miqdarda ziyan vurmaqda suçlayır.

Agentliksə iddia edir ki, Z.Musayevin istifadəsində olan torpaq sahəsi kanal tikintisi nəzərdə tutulan əraziyə düşdüyündən həmin ərazi boşaldılmalıdır.

Goranboy rayon İcra Hakimiyyəti Z.Musayevə 2018-ci ilin yanvarında rayonun Xınalı kəndində 27 hektar torpaq sahəsini 92 illik icarəyə verib. İşadamı da həmin torpaq sahəsində bağ salıb, meyvə ağacları əkib.

2020-ci ilin dekabrında isə Nazirlər Kabineti Goranboy və digər rayonlarda hidrotexniki qurğuların tikintisi altına düşən torpaq sahələrinin dövlət ehtiyacları üçün alınmasına qərar verib.

Goranboyun icra başçısının sərəncamı ilə rayonda, o cümlədən Xınalı kəndində tikinti altına düşən torpaq sahələrinin yerinin müəyyənləşdirilməsindən ötrü komissiya yaradılıb. Z.Musayevin icarəsindəki 27 hektar torpaq sahəsindən 0.8 hektarının "Şəmkir Maşın Kanalının II növbə tikintisi zonasında paylayıcı kanalların tikintisi" aparılacaq əraziyə düşdüyü üzə çıxıb. Bu hissədə 420 şaftalı ağacının əkildiyi də müəyyənləşdirilib.

"Sənədlər təqdim etsə, kompensasiya məsələsinə yenidən baxılacaq"

ADSEA işadamına 32 min 760 manat kompensasiya təklif etsə də, işadamı bu təkliflə razılaşmayıb. Agentliyin tabeliyindəki "Tikilməkdə olan obyektlərin müdiriyyəti" adlı qurum Z.Musayevi məhkəməyə verərək, təklif olunan kompensasiya ödənilməklə ərazinin boşaldılması barədə qətnamə çıxarılmasını tələb edib. İddia ərizəsində sözügedən torpaq sahəsinin dövlət ehtiyacları üçün alındığı da vurğulanıb. O ərazidəki 420 meyvə ağacından ötrü "Privat Co" qiymətləndirmə firmasının 32 min 760 manat kompensasiya müəyyənləşdirdiyi də xatırladılıb: "Cavabdeh icarəyə götürdüyü torpaq sahəsində bağ salması üçün 222 min manat xərc çəkdiyini iddia edir. Kompensasiya məbləğinin artırılması barədə ərizə ilə müraciət edib. Onun müraciətinin araşdırılması məqsədilə "Privat Co" firmasına sənədlər təqdim olunub. Araşdırmanın nəticəsi olaraq, ona məktub göndərilib ki, tikinti altına düşən 420 ədəd şaftalı ağacına görə sərf etdiyi xərclərlə bağlı müqavilələr, qaimələr və digər xərclərlə bağlı sənədlər təqdim etsə, kompensasiya məsələsinə yenidən baxılacaq".

İddia olunur ki, Z.Musayev ondan istənilən sənədləri təqdim etməyib, nəticədə strateji əhəmiyyətli kanalın tikintisi yarımçıq qalıb.

Şaftalı
Şaftalı

İşadamı da qarşılıqlı iddia ərizəsi ilə eyni məhkəməyə üz tutub

O, ərizəsində göstərib ki, aralarında razılaşma olmadığı halda, bu qurumun əməkdaşları onun bağından 71 ədəd meyvə ağacını çıxararaq məhv edib. Məhkəmədən xahiş edib ki, qarşı tərəfin qanunsuz əməllərinə son qoyulması, 71 ağaca görə 42 min 111 manat ziyanın, həmçinin 12 min 425 manat da əldən çıxmış faydanın ona ödənilməsi haqda qərar çıxarılsın: "Torpaq sahəsi altı ildən çoxdur mənim istifadəmdədir. Orada xaricdən gətirilib əkilmiş böyük meyvə ağacları var. Ərazidə 30 nəfərdən çox işçi çalışır. Bu ağır şəraitdə həmin bağ 30-dan çox ailənin yeganə qazanc yeridir. Bu mənada, ora tək mənə yox, işçilərə də aiddir".

İşadamı əlavə edib ki, bir ağacın xaricdən gətirilməsi, altı il ərzində ona qulluq edilməsi ona 593 manatdan baha başa gəlib. O iddia edir ki, 71 ədəd meyvə ağaclarına indiyədək 42 min 111 manat pul xərcləyib.

Bu məhkəmə çəkişməsinə Goranboy rayon İcra Hakimiyyəti də müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunub.

Ekspertiza toplam xərci hesablayıb

Mübahisəyə baxan Gəncə Kommersiya Məhkəməsi ekspertiza təyin edib. Ekspertizanın rəyində göstərilib ki, 71 ağac çıxarılandan sonra bağda 349 meyvə ağacı qalıb. Bu meyvə ağacları tinglərinin Türkiyədən alınıb gətirilməsi və indiyədək qulluğa görə çəkilmiş toplam xərci ekspertiza 52 min 404 manat müəyyənləşdirib: "Xüsusi növ şaftalı ağacı olduğundan yüksək məhsuldarlığı var. Təxminən 10-12 il yaşam müddəti olan şaftalı ağacından yalnız budama vasitəsilə 15-20 ilədək məhsul götürmək olar. Yetişkin bir şaftalı ağacı bir ildə 35-50 kq məhsul verir".

Məhkəmə bu rəyə əsaslanaraq işadamına 71 ağacın məhv edilməsinə görə ADSEA-nın işadamına 15 min 674 manat ödənməsinə qərar verib. Bunun 8 min 858 manatı ziyanın əvəzi, 6 min 816 manatı əldən çıxmış fayda, 137 manatı isə məhkəməyə müraciət üçün dövlət rüsumudur.

Torpaq sahəsinin boşaldılması barədə dövlət qurumunun iddiası isə təmin olunmayıb.

Apellyasiya məhkəməsi də bu qərarı qüvvədə saxlayıb.

Ali Məhkəmə icraata xitam verib

"İddiaçı hidrotexniki qurğuların tikilməsi məqsədilə cavabdehin torpaq sahəsini boşaltması tələbini irəli sürsə də, bununla bağlı ədalətli kompensasiya məbləği verilməyib", - apellyasiya məhkəməsinin qərarında belə yazılıb.

Tərəflər arasında uzun müddətdir sürən mübahisəyə bugünlərdə Ali Məhkəmədə baxılıb. Ali Məhkəmə aşağı instansiyanın qərarını ləğv edərək bütövlükdə iş üzrə icraata xitam verib. Ali Məhkəmənin hakimləri vurğulayıb ki, bu mübahisəyə inzibati məhkəmə baxmalıydı.

XS
SM
MD
LG